Gəncədə Milli Mətbuatın 150 illiyi münasibətilə ziyafət təşkil olunub

 Gəncədə Milli Mətbuatın 150 illiyi münasibətilə ziyafət təşkil olunub

Ayna.Tv Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsinə istinadən xəbər verir ki,22 İyul – Milli Mətbuat Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qərb bölgəsində fəaliyyət göstərən media nümayəndələri üçün ziyafət təşkil edilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və bölgə üzrə fəaliyyət göstərən media nümayəndələri iştirak ediblər.

Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, şəhər rəhbərinin təbriklərini çatdırıb. O çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyətin qurulmasında mətbuatın roluna xüsusi önəm verib, senzuranın ləğvi və medianın azad, müstəqil fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradıb. Ulu Öndərin siyasi iradəsi ilə formalaşan bu yol bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Çıxış edən digər natiqlər qeyd ediblər ki, hazırda ölkədə mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və 1875-ci ilin 22 iyul tarixində nəşrə başlayan “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın təməli qoyulub. 1991-ci ildən etibarən bu tarix ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərib. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də mediamıza daim yüksək diqqət yetirib. Son illərdə media qurumlarının maddi-texniki təminatı gücləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Dövlət başçısının milli mətbuatın 150 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam isə bu sahəyə verilən yüksək dəyərin bariz nümunəsidir.

Oxşar xəbərlər