Gəncədə sanitar vəziyyətlə bağlı ciddi narazılıq

Ayna.Tv Gencexeber.az-a istinadən xəbər verir ki, daxil olan şikayətlərə əsasən, şəhərin müxtəlif ünvanlarında vəziyyət son dərəcə acınacaqlıdır.
Hərbi şəhərcik və hospitalın ətrafı baxımsız vəziyyətdədir
Xəqani küçəsində (Dos-84) yerləşən Hərbi şəhərcik və hərbi hospitalın ətrafındakı bərə uzun müddətdir nəzarətsiz qalıb. Sakinlərin sözlərinə görə, burada yaşayan şəxslər Samux Sukanal İdarəsinin tabeliyində olan bu bərəyə çoxlu tullantılar atırlar. Çirkab suları artıq məcradan çıxaraq ətrafı natəmiz hala salıb. İri tut ağacının gövdəsi isə bərənin bir hissəni tamamilə qırıb.
“Totanlı dairəsi”ndə vəziyyət
Şəhərin “Totanlı dairəsi” adlanan hissəsində üfunət, aşıb-daşan zibil qabları və ətrafa səpələnmiş tullantılar sakinlərin narazılığına səbəb olub. Axşam saatlarında ərazi itlərlə dolu olduğundan, valideynlər uşaqları ilə birlikdə həmin yerdən keçməkdə çətinlik çəkirlər.
Əziz Nəzərov küçəsində zibil daşır
Əziz Nəzərov küçəsində yerləşən yaşayış binaları üçün nəzərdə tutulan zibil qabları yaxınlıqa fəaliyyət göstərən kafe tərəfindən istifadə edilir. Orada tullantılar ətrafa səpələnir.
Şəddadilər küçəsindəki vəziyyət uşaqların sağlamlığına mənfi təsir göstərir
Şəddadilər küçəsində evlərin qarşısından keçən bərələrdən yayılan pis qoxu və çirkab suları sakinlərin səhhətinə mənfi təsir göstərir. Sakinlərin bildirdiyinə görə, bəzi uşaqlarda xəstəlik əlamətləri yaranıb və onlara bir müddət öncə xəstəxanalarda sistem qoyulub.
Köhnə Kərpic zavodu qəsəbəsində zibillik problemi
Digər bir şikayət isə köhnə Kərpic zavodunun yerləşdiyi ərazidəndir. Sakinlər bildirirlər ki, ərazidə təmizlik işləri aparılmır.
“Dünən zibilimi atmaq istədim, lakin zibilxanaya ayaq qoymağa yer yox idi. Gəlib təmizləyən yoxdur, baxan yoxdur, amma ödəniş xəbərini dərhal göndərirlər. Mən artıq iki ildir bu xidmətə görə ödəniş etmirəm,” – sakinlərdən biri bildirib.
Sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edirlər.