MÜƏLLİM – İNSANLIĞIN İŞIĞI, MİLLƏTİN QƏLBİ

 MÜƏLLİM – İNSANLIĞIN İŞIĞI, MİLLƏTİN QƏLBİ

“Bir milləti xilas etmək istəyirsinizsə, onun müəllimlərini uca tutun.”

Bu fikri söyləmək üçün böyük alim, filosof və ya siyasətçi olmağa gərək yoxdur. Sadəcə, tarixin səhifələrinə baxmaq kifayətdir. Hər bir xalqın dirçəlişində, yenidən doğuluşunda və tərəqqisində bir müəllimin izi var. Müəllim – millətin ruh memarıdır. O, qələmi ilə gələcəyi yazır, fikri ilə dünyanı dəyişir, qəlbi ilə cəmiyyətin damarlarında həyat qanı axıdır.

Müəllim – Səssiz qəhrəmandır

Bəzən biz qəhrəmanlıq dedikdə silahı, səngəri, döyüş meydanını düşünürük. Amma insanlığın ən böyük səngəri sinif otağı, ən kəskin silahı isə bilikdir. Müəllim hər səhər cəbhəyə çıxan bir döyüşçü kimidir – onun düşməni cəhalətdir, məqsədi isə insanı azad etməkdir.
Müəllim bəzən yorulur, bəzən unudulur, lakin o heç vaxt ruhdan düşmür. Çünki o, öz ömrünü şam kimi yandırıb başqalarına işıq saçmağı həyatının mənası sayır. Onun zəhmətini ölçmək üçün saat, onun dəyərini müəyyənləşdirmək üçün pul kifayət etmir. Müəllimlik bir peşə deyil, bir missiyadır – ilahi missiya.

Müəllim – Zamanın yaddaşında əbədiyyət izidir.

İlk yazını lövhəyə kim yazıb? İlk səsi, ilk hərfi kim öyrədib?
Bəli, tarix bunun adını unutsa da, ruhunu unutmur – o müəllim idi.
Zaman dəyişir, texnologiyala r inkişaf edir, amma müəllim obrazı dəyişmir: yenə eyni təmkin, eyni təbəssüm, eyni sevgi. Müasir dövrün süni intellekti, robotu, virtual reallığı belə müəllimin qəlb istiliyini əvəz edə bilmir.
Çünki bilgi öyrətmək texnologiyanın işidir, amma insan yetişdirmək – yalnız müəllimin.

Müəllim və Vətən: bir-birindən ayrılmaz iki ruhdur.

Müəllim təkcə şagird formalaşdırmır, Vətən yaradır.
O, torpağı sevməyi, xalqına bağlı olmağı, ədalətli düşünməyi öyrədir.
Bəlkə də bir zabitin qəhrəmanlığı meydanda başlayır, amma onun təməli müəllimin dərs otağında qoyulur.
Hər bir əsgərin vicdanı, hər bir alimin ağlı, hər bir həkimin mərhəməti bir müəllimin tərbiyəsinin bəhrəsidir.
Bu səbəbdən müəllim – dövlətin sütunu, millətin qəlbidir.

Azərbaycan Müəllimi – Millətin Dirəyi, Dövlətin Qürurudur.

Azərbaycan tarixində müəllimlik həmişə müqəddəs hesab edilib.
Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Abbas Səhhət kimi şəxsiyyətlər müəllimlikdən millətin oyanışına yol açdılar.
Onların qələmindən doğan fikir cəmiyyətə işıq, insanlara özünüdərk gətirdi.
Bu gün Azərbaycan müəllimi həm müstəqilliyin qoruyucusu, həm də gələcəyin memarıdır.
O, bir əsgər kimi səngərdə, bir alim kimi masada, bir ana kimi sinifdə millətin yükünü daşıyır.
Ən ucqar dağ kəndində, ən soyuq qış günündə belə o sinfə girəndə, Vətən nəfəs alır.

Müəllimə borcumuz – unudulmayan minnətdarlıqdır.

Müəllimlər Günü bir təqvim bayramı deyil.
O, vicdanın sınağı, şükranlığın ifadəsi, xalqın öz kökünü dərk etdiyi andır.
Bu gün biz hər birimizin həyatında iz qoymuş müəllimlərimizi yad edirik.
Uşaqlığımızın əlifba səsini, ilk “beş” sevincini, ilk “yanlış cavab” utancını – bütün bunları bizə sevə-sevə yaşadan, bizə insan olmağı öyrədən o nurlu insanları.
Onlar bəzən təmtəraqsız, bəzən səssiz, amma həmişə böyüklükləri ilə ucaldılar.

Müasir dövrdə müəllimlərin rolu və çətinlikləri hələ də vardır.

Dünya dəyişir, amma müəllimin yükü daha da ağırlaşır.
Bu gün o, təkcə bilik ötürən deyil – psixoloq, tərbiyəçi, texnologiya bilicisi, bəzən də sosial dayağa çevrilib.
Müasir müəllim bir tərəfdən süni intellektin, sosial şəbəkələrin, informasiya xaosunun təzyiqi altındadır, digər tərəfdən isə öz şəxsiyyəti ilə insanlıq dəyərlərini qorumağa çalışır.
Onun işi indi daha çətindir, amma daha şərəflidir.
Çünki o, uşağın qəlbində insanlıq toxumlarını əkir – bu toxumlar bir gün cəmiyyətin xilası olacaq.
Azərbaycan müəlliminə dövlət qayğısı – gələcəyin təminatıdır.

Son illər dövlət səviyyəsində müəllimlərin sosial vəziyyətinin, maddi rifahının yaxşılaşdırılması, təhsil infrastrukturunun yenilənməsi, kənd məktəblərinin bərpası, elektron təhsilin inkişafı – bunlar sadəcə islahat deyil, millətin gələcəyinə sərmayədir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə verdiyi önəm, müəllim əməyinə göstərilən ehtiram Azərbaycan dövlətinin gələcəyə baxışının bariz nümunəsidir.
Çünki təhsilsiz millət yox, müəllimsiz gələcək yoxdur.

DAĞLARIN QOYNUNDA YENİDƏN DOĞULAN MƏKTƏBLƏR-Bu adın özü bir dastandır – həm dərd, həm qürur, həm ümid.
İllərlə işğal altında qalan, lakin ruhu sındırılmayan bu diyar bu gün dirçəlişin simvoluna çevrilib.
Vətən müharibəsindən sonra dağ kəndlərində yenidən ucalan məktəblər sanki dağların başında açan gülü xatırladır – saf, təmiz və müqəddəs.

Bu gün işğaldan azad edilən ,təmir olunan, müasir avadanlıqlarla təchiz edilən məktəblər təkcə tədris ocaqları deyil, həm də qayıdışın, həyatın və millətin qələbəsinin rəmzidir.
O məktəblərdə dərs deyən müəllimlər isə ikiqat qəhrəmandır – onlar həm torpaqlarına qayıdıblar, həm də biliklə yenidən həyat əkirlər.
Dağ yollarında addımlayan o müəllimlər yeni tale yazırlar.
Onların hər birinin qəlbində bir amal yaşayır:

“Biz bu torpağa yalnız öyrətməyə deyil, diriltməyə gəlmişik!”

Azaz edilən məktəblərdə oxuyan hər bir uşaq sabah Vətənin dayağı, dağların səsi olacaq.
Çünki bu məktəblərdə dağlar kimi əzəmətli, bulaqlar kimi saf müəllimlər dərs deyir.

Müəllim – insanlıq tarixinin ən parlaq səhifəsidir.
Onun adı sönməz, izi itməz, qəlbindəki işıq heç vaxt sönməz.
Bəşəriyyət nə qədər inkişaf etsə də, insan ruhunun müəllimi həmişə gərək olacaq.
Müəllimlər Günündə biz sadəcə bir peşəni deyil, bir məbədin keşikçilərini qeyd edirik – o məbədin adı İnsandır.
Müəllim gününüz mübarək əziz müəllimlər!
Yazı:
(Ayna TV İnformasiya Agentliyi üçün xüsusi hazırlanmış müəllif yazısı)
Kəlbəcər rayonu 107 saylı Murovdağ tam orta məktəbin direktoru Alışanov Fazil Misgin oğlu

Oxşar xəbərlər