Daşkəsən rayonu Şəkərəm kənd sakinləri kömək istəyir

 Daşkəsən rayonu Şəkərəm kənd sakinləri kömək istəyir

“AYNA TV” informasiya portalının elektron poçt ünvanına Daşkəsən rayonunun Şahkərəm kənd sakini Məmmədov Səfər Bağçalı oğlu tərəfindən növbəti rəsmi şikayət müraciəti daxil olmuşdur.
Müraciətdə bildirilir ki, Daşkəsən rayonunun Şahkərəm kəndinə gedən avtomobil yolu uzun illərdir baxımsız vəziyyətdədir və xüsusilə yolun son 1,5 kilometrlik hissəsi tamamilə yararsız hala düşüb. Yol örtüyü demək olar ki, məhv olub, çoxsaylı iri çuxurlar, yarğanlar, torpaq sürüşmələri və yağış sularının yaratdığı dağıntılar nəticəsində həmin hissədə hərəkət etmək son dərəcə çətinləşib.
Şikayətçinin sözlərinə görə, yağışlı və qarlı havalarda yol faktiki olaraq keçilməz vəziyyətə düşür. Minik avtomobillərinin kəndə daxil olması bir çox hallarda mümkün olmur. Bu isə kənd sakinlərinin gündəlik həyatına, məktəblilərin təhsil almaq imkanlarına, xəstələrin xəstəxanalara çatdırılmasına, təcili tibbi yardım və digər xidmətlərin fəaliyyətinə ciddi maneələr yaradır.
Müraciətdə xüsusi vurğulanır ki, Şahkərəm kəndinin girişində kəndin adını göstərən “ŞAHKƏRƏM KƏNDİ” yazılı rəsmi göstərici lövhəsi belə mövcud deyil. Vətəndaş hesab edir ki, Azərbaycanın digər yaşayış məntəqələrində mövcud olan belə sadə bir infrastruktur elementinin kənddə olmaması aidiyyəti qurumların kəndə göstərdiyi diqqətsiz münasibətin bariz nümunəsidir.
Məmmədov Səfər Bağçalı oğlu müraciətində ailəsinin dövlətə və Vətənə xidmətlərindən də bəhs edir. Bildirir ki, mərhum atası Böyük Vətən müharibəsi əlili olmuş, sağlığında kənd yolunun istifadəyə yararlı saxlanılması üçün şəxsi vəsaiti hesabına dəfələrlə tədbirlər görmüşdür. Atasının vəfatından sonra isə bu məsuliyyəti özü daşımağa məcbur qalıb.
Şikayətçi qeyd edir ki, uzun illər ərzində yolun müəyyən hissələrinin düzəldilməsi üçün şəxsi vəsaiti hesabına texnikalar cəlb edib, görülən işlərlə bağlı xərcləri ödəyib. Hətta bəzi hallarda dövlət qurumları tərəfindən ayrılan texnikaların yanacaq xərcləri, sürücülərin qidalanması və digər maliyyə məsrəfləri də onun tərəfindən qarşılanıb.
Müraciətdə daha sonra bildirilir ki, müəllif II qrup Çernobıl əlilidir, oğlu isə 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuşdur. Buna baxmayaraq, illər ərzində müxtəlif dövlət qurumlarına edilən çoxsaylı müraciətlər nəticəsiz qalıb və problem bu günə qədər öz həllini tapmayıb.
Şikayətçi aidiyyəti dövlət qurumlarından aşağıdakı tədbirlərin görülməsini xahiş edir:
• Şahkərəm kəndinə gedən yolun, xüsusilə son 1,5 kilometrlik hissəsinin vəziyyətinin yerində araşdırılması;
• Yolun əsaslı təmiri və bərpası istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;
Kəndin girişində dövlət standartlarına uyğun “ŞAHKƏRƏM KƏNDİ” göstərici lövhəsinin quraşdırılması;
• Müraciətə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış yazılı cavab verilməsi.
“AYNA TV” olaraq müraciətdə qaldırılan məsələlərin aidiyyəti dövlət qurumları tərəfindən obyektiv araşdırılacağına, Şahkərəm kənd sakinlərinin haqlı narahatlıqlarına diqqət yetiriləcəyinə və illərdir davam edən yol probleminin nəhayət öz həllini tapacağına ümid edirik.